Namiq Rəssam
namiqressam@gmail.com
Avropada son seçki aktlarının fonunda gedən siyasi şəkildəyişmə liberalların nüfuzunun aşağı düşdüyünü açıqca nümayiş etdirdi. Fransa, Yunanıstan, Almaniya və Serbiyada keçirilmiş prezident və parlament seçkiləri Avropanın siyasi görünüşünü əməlli-başlı dəyişib. Artıq xeyli vaxtdır ki, davam edən iqtisadi böhran və avrozona liderlərinin səriştəsizliyi, aparılan islahatların köklü olmadığına görə uğursuzluğu mərkəzçi qüvvələrin imicinə dəyən ciddi zərbə, sosialist və millətçi cəbhələrin etimad qazanmasına səbəb olub.
Avropa yeni yollar, yeni maşınlar, yeni sürücülər axtarır. Daha əvvəllərdən iqtisadi böhranın dərinləşməsi onsuzda Avropa İttifaqını sosialistcəsinə dəyişiklər etməyə vadar etmişdi, sosializmin tezliklə idarəçilikdə təmsil olunacağı proqnozlaşdırılırdı. Amma qısa zaman kəsiyində sağ cəbhənin bu qədər gücə sahiblənməsi (xüsusən də, Şərqi Avropada) , açığı, solçu olaraq mənim üçün “sürpriz” oldu. Dünyanın ən kosmopolit ölkələrindən biri kimi tanınan Fransada Xalq Cəbhəsinin namizədi, sağçı Marin Le Penin prezident seçkilərində seçicilərin 17,9 %-nin etimadını qazanması məsələnin nə qədər ciddi olduğunu sübut edir.
Görünəni budur ki, iri kapitalistlər, burjua nümayəndələri marketinq imkanlarından yararlanaraq təlqinçi medianı “iqtisadi böhranın səbəbləri” mövzusunda da yönləndirə bilib. Dolayısı yolla insanlığını itirib qeyri-insani şəraitdə işləməkdən və insanlığını itirib qeyri-insani şəraitdə işləməməkdən başqa çıxış yolu olmayan avropalının beyninə salıblar ki, “sənin işdən qovulmaq, evini itirmək qorxusu ilə yaşamağında günah yiyəsi immiqrantdır, səni işindən çıxarıb, evindən qovmaqla hədələyən deyil.” (!). Sadəcə targikomediyadır…
SOSİAL DEMOKRATİYA BACARACAQMI?
“Biz bunu bacararıq” (Barak H. Obama)
Onu qeyd etməliyik ki, burjuaziya üçün iqtisadiyyatın “sınanmış” liberal modelinin iflası Avropa İttifaqının statusu üçün təhlükəlidir. Avropanın mötədil sol qüvvələrinin gündəmə gətirdiyi, get-gedə rəğbəti daha da artan “Sosial Demokratiya” ideologiyası sabiq liberal kapitalizmindən prinsipcə daha yaxşı olsa da, onun iqtisadi böhranın öhdəsindən gələ bilib bilməyəcəyi məchuldur. Eyni zamanda, burjuaziyanın “zərbədən yayınma” fəndi səbəbilə zühur etmiş ifrat sağ bir növ mötədil solla müqavilə bağlamışdır kimi təsəvvür yaradır, solun xırda bir səhvindən fors-major istifadə edərək etimad qazanmağı planlaşdırır. Düşünürəm ki, sosial demokratiya iqtisadi böhranın öhdəsindən gələ biləcək səviyyədə deyil. Hərçənd, Fransanın solçu prezidenti, Fransua Oland Avropanın iri tibb şirkətlərinə müdaxilə etmək kimi cəhd göstərdi, amma hələ heç bir ciddi nəticə əldə edə bilməyib. Medianı özünə tabe etmiş monopolik iri şirkətlərin, səhmdar cəmiyyətlərin özündən kiçik inhisarları vurub sıradan çıxardığı və əmtəəni “bir əl”ə doğru yönəltdiyi (Kapitalistlər buna “azad rəqabət” deyirlər), mənəvi və fiziki istismarın mövcud olduğu kapitalist mühitilə “ayaqlaşan” Avropa sosializminin “üçüncü silk”ə qarşı yönəlməməsi onun ən böyük çatışmazlığıdır.
Sosial demokratiya iqtisadi böhrana qarşı mübarizədən qeyri nə edə bilər? İstismara məruz qalmış və qalmaqda olan narazı kütlə üçün “sakitləşdirici dərman”a çevrilər. Bu da, təbii ki, birbaşa burjuaziyanın mənafeyinə uyğundur. Başadüşüləndir ki, burjuaziya XX əsrin əvvəllərinin ssenarisini XXI əsrin əvvəllərində də ciddi cəhdlə təkrarlamaq əzmindədir. Amma nəzərə alsaq ki, XX əsrin əvvəllərindəki burjuaziyanın içərisindəki qarşıdurma ilə müasir burjuaziyanın içərisindəki qarşıdurma arasında xeyli fərq var, o zaman, burjuaziyanın gələcək avtoritariyasının böyük bir sual altında olduğunu söyləmək olar. Baş verə biləcək siyasi böhran istər avrozona daxilində, istərsə də avrozona xaricində ciddi dəyişikliklərə səbəb ola bilər.
0 şərh:
Post a Comment