İki şey var ki, onlar yurdumuzda yetişmir - biri qəhvədir, digəri isə demokratiya. İkisi də bizə xaricdən gəlir. Nə etdiksə yurdumuzda qəhvə yetişdirə bilmədik. Vətənimizin torpağı, havası, suyu qəhvə yetişdirmək üçün əlverişli deyil.
Sözün düzü, onun yetişib inkişaf etməsi üçün əlimizdən gələni elədik. Tariximizə baxsanız, təxminən yüz il əvvəl yurdumuza demokratiyanın toxumları səpilib, amma biz hələ də "Demokratiyamız filiz verdi", " Gənc demokratiyamız" "Demokratiyanın cücərtiləri" sözlərini ağzımızda saqqız eləmişik.
Şükür yetiştirənə, neçə ildir demokratiyanı güc-bəla ilə bu boya gətirdik, bir cücərti oldu.
Yüz ildir bu demokratiya üçün sərf etdiyimiz gücü qəhvə yetişdirmək üçün istifadə etsəydik, bu gün məmləkət balta girməyən qəhvə meşəsinə dönərdi.
Zamanında lazım imiş, bilməmişik. Qəhvə toxumu əkmək əvəzinə demokratiya toxumu əkmişik. İndi isə olanlar göz qabağındadır.
Şükürlər olsun, demokratiyadan heç bir şikayətimiz yoxdur, yoxsa qəhvəsizlikdən nələr çəkdiyimizi bir biz bilirik. Adı üstündə qəhvə. Heç nəyə bənzəməz. Oysa demokratiya olsa da olar, olmasa da. Qəhvə olmasa insanın başı gicəllənər, demokratiya olmasa gicəllənməz. Qəhvənin məst edici ətri var, demokratiyanın isə qoxusu belə yoxdur. Qəhvəni fincana süzüb içə bilərsən, demokratiyanı isə nə yemək, nə də içmək olmur. Məni başa sala bilərsinizmi, demokratiya nə işə yarayır?
Xaricdən məmləkətimizə bol miqdarda demokratiya gəlir, amma qəhvə yox. Qəhvəni satırlar, demokratiyanı isə verirlər. Qəhvə üçün pul lazımdır, demokratiya üçün isə heç nə istəmirlər.
Çəkdiyimiz bu qəhvə sıxıntısına bir baxın. Qəhvəyə necə də öyrəşmişik. Qəhvənin yaxşısını pisindən, yenisini boyatından, safını saxtasından o saat ayıra bilirik.
Sağolsunlar bəzi yurddaşlarımız, uydurma qəhvə hazırladılar. Əvvəlcə arpa qəhvəsi çıxdı, tutmadı. Sonra noxud qəhvəsi çıxdı, bəyənmədik. Sonra, paxla qəhvəsi çıxdı, içmədik. Biz millətçə qəhvə aludəçisiyik. Heç bir şeyin uydurmasını anlamarıq, ama qəhvəninkini əsla, aldanmarıq o dəqiqə ayırarıq uydurma qəhvə ilə əsl qəhvəni.
Ey Ulu Tanrım! Nə olardı, qəhvədən anladığımız qədər, bu demokratiyadan da baş çıxara biləydik...
Tərcümə etdi: Zaur Rza
0 şərh:
Post a Comment